"Bədəni çox zəifləyib, çox halsızdır. Görüş zamanı güclə ayaq üstə dayanırdı". Bunu "AbzasMedia" nəşrinin baş direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva sosial şəbəkədə yazıb. O, Ü.Həsənlinin 16 günlük aclıq aksiyası nəticəsində 15 kq çəki itirdiyini, çəkisinin 63 kiloqrama düşdüyünü qeyd edib.
"Ülviyə qarşı hədsiz işgəncələr baş verir. 40 dərəcə istidə aclıq edən adam "karser"də saxlanılır. Orada nə pəncərə, nə də havalandırılmaya aid bir şey yoxdur. Bu istiyə görə Ülvi nəfəs almaqda əziyyət çəkir, nəfəs darlığı yaranıb. Ürək döyüntüləri şiddətlənib, ürəyi elə döyünür, elə bil, yerindən çıxacaq. Bu baş verənlərin nəticəsində orqanizmdə qan dövranı zəifləyib, ürəyə qan çox zəif getdiyinə görə ayaqları donur. Bədənindən soyuq tər gedir, orqanizm sağ qalmaq uğrunda mübarizə aparır. Böyrəklərində də ağrılar yaranıb, təzyiqi zəifdir", – R.Quliyeva yazır.
O, Ü.Həsənliyə həkim nəzarətinin olmadığını da əlavə edib.
Ailəsi Ü.Həsənlinin təcili olaraq müalicə müəssisəsinə köçürülməsini tələb edir.
Bu deyilənlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
AzadlıqRadiosunun Ü.Həsənlinin durumu ilə bağlı Ombudsman Aparatına göndərdiyi sorğuya hələ ki cavab verilməyib.
Ü.Həsənli iyulun 20-də müddətsiz aclığa başladığını açıqlayıb. O, bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aksiyaya başlamasına səbəb, vəd edildiyi kimi, Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.
28 iyul
"AbzasMedia"nın jurnalistləri aclığı dayandırıblar
"AbzasMedia" nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova aclıq aksiyasını dayandırdıqlarını açıqlayıblar.
Onların iyulun 28-də yayılan müraciətində qeyd edilib ki, buna səbəb aksiyayla bağlı səhhətlərinin pisləşəcəyini düşünüb stress keçirən valideynlərinin xəstəxanaya üz tutmalarıdır: "Hər birimizin valideyni ürək-damar problemlərindən əziyyət çəkir. Bizim aclıq dönəmimizdə onlar tez-tez xəstəxanaya müraciət etməli olublar. Onların səhhətini nəzərə alaraq aclığı dayandırırıq. Ülvidən xahiş edirik, ürək xəstəliyi olan anası Esvira xanımın səhhətini nəzərə alaraq aclığı dayandırsın".
Ü.Həsənli iyulun 20-də aclıq aksiyasına başladığını açıqladıqdan sonra həbsdə olan həmkarları S.Vaqifqızı, E.Qasımova və N.Absalamova da iyulun 22-də ona qoşulduqlarını bildirmişdilər.
Hələlik, müraciətə Ü.Həsənlinin münasibəti bəlli deyil. Onlar həbsdə fərqli müəssisədə saxlanılırlar.
23 iyul
Jurnalistlərin aclıq etdiklərinə görə qeyri-insani münasibətlə üzləşdikləri bildirilir
"AbzasMedia" nəşrinin həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamovanın aclıq aksiyasına görə Bakı İstintaq Təcridxanasında qeyri-insani münasibətlə üzləşdikləri bildirilir.
Bu barədə jurnalistlərin yaxınları məlumat verib.
"AbzasMedia"nın həbsdəki direktoru Ülvi Həsənli iyulun 20-də yenidən aclıq aksiyasına başladığını açıqladıqdan sonra nəşrin əməkdaşı Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamova da iyulun 22-də ona qoşulduqlarını bildiriblər.
"Səbəb Ülvi Həsənlinin qanunsuz olaraq Umbakıya köçürülməsi və öncəki aclıq aksiyasında ona bir həftəyə Bakı İstintaq Təcridxanasına köçürüləcəyi ilə bağlı verilən vədin yerinə yetirilməməsidir", - jurnalistlər yaxınlarına bildirib.
"22 iyulda bizi rəis Elnur İsmayılovun qəbuluna aparmaq adı ilə otaqlarımızdan çıxardılar. Onun müavini Əhəd Abdıyevin otağında saat yarım gözləyəndən sonra dedilər ki, Penitensiar Xidmətdən nümayəndələr gəlmişdilər, sizinlə görüşmək istəyirdilər, amma fikirlərini dəyişib getdilər", - jurnalistlər əlavə ediblər.
Onlar daha sonra öz otaqlarından çıxarılıb ayrı otaqlarda yerləşdirildiklərini və hazırda hər birinin tək saxlandıqlarını deyiblər.
"Üçümüzün də otağında duş sistemi yoxdur, pəncərənin şüşələri çıxarılmayıb, normal havalandırma yoxdur. Otaqların hamısı natəmizdir və otaq yoldaşlarımıza da icazə vermədilər ki, otaqları təmizləmədə bizə kömək etsinlər", - jurnalistlər deyib.
Bildirilib ki, N.Absalamova öz otağından çıxmaq istəmədiyi üçün rəis müavini Ə.Abdıyevin zorakılığına məruz qalıb.
Bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan da münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, bildirilir ki, onlar məhbuslarla qanun çərçivəsində davranırlar.
21 iyul
Ülvi Həsənli yenidən aclıq aksiyasına başladığını elan edib
"Abzas Media" nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bununla bağlı ictimaiyyətə müraciətində bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib.
Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti iyulun 3-də təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin onun qeyd etməsinə görə, 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, qərar hələ də icra olunmayıb.
"Görünür, Penitensiar Xidmət məhkəmə qərarlarını saymır və özünü məhkəmədən üstün tutur", –Həsənli vurğulayıb.
Ü.Həsənli daha əvvəl də eyni məsələ üzündən doqquz günlük aclıq aksiyası keçirdiyini, lakin qadın həmkarlarının da ona dəstək olaraq aclığa başlaması və onların sağlamlığı ilə bağlı narahatlıq səbəbi ilə aksiyanı dayandırdığını bildirib. Həmçinin qeyd edib ki, Penitensiar Kompleksin rəhbərliyi ona 12 iyula qədər köçürüləcəyi vədini versə də, bu vəd yerinə yetirilməyib.
Həsənlinin sözlərinə görə, hazırda saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleks Bakı İstintaq Təcridxanasından daha uzaqda yerləşir və bu, onun ailəsi, vəkilləri, xüsusilə də 3 yaşlı övladı ilə görüşünə ciddi maneə yaradır: "Burada övladımla görüşmək üçün heç bir şərait yoxdur. Ona görə, ümumiyyətlə, görüşə bilmirəm".
O, hesab edir ki, baş verənlərin səbəbi onların çıxışlarıdır: "Bunlar bizim yazılarımıza görə edilir...".
Ü.Həsənli qadın həmkarlarından xahiş edib ki, ona dəstək aksiyasına qoşulmasınlar.
Bu müraciətə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda "AbzasMedia işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.
Hökmdən sonra onlardan Ü.Həsənli və daha bir neçəsi Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər. Müdafiə tərəfi hesab edir ki, hökm tam qüvvəyə minmədiyindən bu qərar qanunsuzdur.
"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.