Azərbaycan xəbərləri
Ukraynada Rusiya tərəfdən həlak olan mərkəzi asiyalılar…

Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsində Mərkəzi Asiya ölkələrindən ən azı 93 nəfər həlak olub. Onlardan 19-nun Qırğızıstandan, 34-nün Özbəkistandan, 40-nın isə Tacikistandan olduğu bildirilir.
Belə rəqəmlər BBC Rus xidmətinin araşdırmasında yer alır.
BBC-nin araşdırması Rusiya həbsxanalarından müharibəyə gedən və "Vaqner" özəl hərbi şirkətində işə götürülən əməkçi miqrantlara həsr olunub. Yazıda Rusiyada müxtəlif cinayətlərə görə məhkum olunmuş və həbsxanalardan Ukraynaya gətirilərək orada ölmüş bir neçə qırğızın ailəsindən bəhs edilir.
Məhkəmələrdə miqrantları müdafiə edən vəkil Mirlan Akilbekovun bildirməsinə görə, 2022-ci ilin yayında əlaqə saxladığı həmyerli məhbuslardan öyrənib ki, "Vaqner" azadlıqdan məhrumetmə yerlərində "verbovka" ilə məşğul olur.
Bu ilin martında Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti Rusiyada cəza çəkən Qaraqalpaqıstan sakininin Ukraynada öldüyü barədə məlumat yayıb. Onun Rusiya Federasiyasının işğal etdiyi ərazilərdə tikinti işlərinə göndərildiyi və dayandığı yerə mərmi düşdüyü bildirilir.
Bu ilin mayında Ukraynada daha bir Özbəkistan vətəndaşının öldüyü barədə məlumat yayılıb. O isə Rusiya həbsxanasından "səfərbər edilib". Anası deyib ki, o, müharibəyə getmək istəməyib, zorla müharibəyə göndərilib.
Bütün xəbərləri izləyin
Fazil Mustafaya sui-qəsd cəhdinə görə ömürlük cəza almış şəxsin ailəsi onun aclıq etdiyini bildirir

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası almış Azər Səricanovun iyulun 21-dən aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən ailə üzvləri bildiriblər ki, A.Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq İdarəsinin rəisi Elşən Murtuzovla görüşmək istəyir. Buna səbəb ona hökm oxunandan az sonra oğlu Əbülfəz Səricanovun da həbs olunması və Cinayət Məcəlləsinin 28,277-ci (dövlət xadimi və ya ictimai-siyasi şəxsin həyatına sui-qəsd hazırlığı) maddəsiylə suçlanmasıdır.
Oğul Səricanov bu ilin martında həbs olunub və DTX-nın İstintaq Təcridxanasında saxlanılır. Ailə üzvlərinin bildirdiyinə görə, martın 17-də onu iş yerindən mülki geyimli şəxslər aparıb və yalnız iki gün sonra onun DTX-da olduğu bilinib.
“Azər Səricanov oğluna qarşı baş verənlərdən çox narahatdır. Buna görə Elşən Murtuzovla görüşmək istəyir”, - yaxınları belə deyirlər.
Xatırlatma
Fazil Mustafa 2023-cü il martın 28-də Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.
Bu hadisə 5 nəfərin həbsinə yol açıb. İttihama görə, sui-qəsd planı İranda müzakirə olunub, bundan ötrü Bakıya 30 min dollar pul göndərilib.
Cinayətin təşkilində suçlanan A.Səricanova ömürlük, digər 4 nəfərdən birinə 4 il, qalan üçünə isə 18-20 il həbs cəzası verilib. Təqsirləndirilən şəxslər bu hökmdən yuxarı məhkəmə instansiyalarına şikayət etsələr də, sonuc dəyişməyib.
Onlar deputata atəş açdıqlarını təsdiqləyiblər, ancaq bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər deputatı öldürmək niyyətlərinin olmadığını, dini mövzuda səsləndirdiyi fikirlərə görə onu cəzalandırmaq qərarına gəldiklərini vurğulayıblar. Bu üzdən, F.Mustafanın həyati önəmli orqanlarına yox, çiyin və ayaq hissəsinə atəş açıdqlarını deyiblər.
Komissiya: Qonşu dövlətlərin birindən Azərbaycana qarşı informasiya kampaniyası davam edir

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən Azərbaycana qarşı qeyri-dost fəaliyyətlərin Facebook sosial şəbəkəsi vasitəsilə davam etdiyini bildirir.
Açıqlamada deyilir ki, bir sıra səhifələr vasitəsilə Facebook-da "geosiyasi manipulyasiya xarakterli məlumatlar" paylaşılandan sonra istifadəçilərdən Telegra.ph kimi platformalara keçid etməkləri istənilir ki, "bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər".
Komissiya "Meta" şirkətinə müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunduğunu da vurğulayır.
Açıqlamada konkret ölkə adı çəkilməyib.
Mayda isə sözügedən komissiya ilin əvvəlində Azərbaycanın bir sıra media resurslarına kiberhücumun Rusiyadan qaynaqlandığını, hücumun texniki cəhətdən peşəkar səviyyədə gerçəkləşdirildiyi açıqlanmışdı.
Son bir aydan artıq müddət ərzində Rusiya ilə yaranan siyasi gərginlik fonunda Rusiyada müxtəlif xəbər kanalları, şəxslər tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı informasiya kampaniyası başladıldığı bildirilirdi.
Azərbaycanla Rusiya arasında gərginlik Yekaterinburqda azərbaycanlılara qarşı zorakı polis reydi və iki nəfərin həlak olmasından sonra başlanıb. Ən son informasiya Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin saxlanması ilə bağlıdır.
Rüşvət almaqda təqsirləndirilən gömrükçülərin işi məhkəməyə göndərilib

Rüşvət alaraq gömrük sərhədindən malların keçirilməsinə şərait yaratmaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətməkdə təqsirləndirilən digər şəxslərlə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, Xaçmaz Gömrük İdarəsinin vəzifəlisi Hidayət Məmmədov keçmiş əməkdaş Bayram Məmmədovla cinayət əlaqəsinə girərək 427 min manatdan artıq dəyərdə elektron siqaretlərin gömrük sərhədindən nəzarətsiz keçirilməsinə şərait yaradıb. Bunun qarşılığında 3 min manat rüşvət alındığı iddia olunur. Həmin məhsul aksiz markası ilə markalanmalı olduğu halda, markalanmayıb. Bu hadisənin ötən ilin dekabrında baş verdiyi bildirilir.
Bu ilin martında isə 291 min manatdan artıq dəyərində aqrokimyəvi dərman və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradıldığı vurğulanır. Bu zaman da 3 min manat məbləğində rüşvət alındığı bildirilir.
Təqsirləndirilənlərə qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər maddələr üzrə ittihamlar irəli sürülüb. Bu maddələrdə maksimum 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Təqsirləndirilənlərin bəziləri barəsində həbs, bəzilərində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Özlərinin, vəkillərinin ittihamlara münasibəti bəlli deyil.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan əvvəl də bəzi gömrük işçiləri qaçaqmalçılıqda ittiham olunublar. Amma sonucda şərti cəza alanlar olub. Dubaydan Azərbaycana 190 min manatdan çox dəyəri olan qızıl külçələr gətirib onu hava limanında gömrük nəzarətindən kənar ölkəyə keçirməkdə suçlanan üç nəfər 11 ay həbsdə saxlandıqdan sonra iyulun 25-də məhkəmə zalından azadlığa buraxılıblar.
Ailəsi Nazim Bəydəmirlinin təcili xəstəxanaya köçürülməsini tələb edir

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin ailəsi onun təcili xəstəxanaya köçürülməsini, normal müalicə almasını tələb edir. N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli avqustun 5-də həbsdə onu ziyarət etdiyini, dərmanlar apardığını deyir.
"Üzünün rəngi qaralmış və çox halsız idi, demək olar, danışmağa taqəti yox idi. Hər gecə hərarətinin olduğunu bildirdi. Dayanmadan tərləyirdi. Saturasiyasını ölçdüm, 92-ə düşüb, ürək döyüntüsü 93 idi", – F.Bəydəmirli sosial şəbəkədə yazıb.
Penitensiar Xidmət keçmiş deputatın səhhəti ilə bağlı açıqlama yaymayıb.
4 avqust
Nazim Bəydəmirlinin həbsdə səhhətinin pisləşdiyi bildirilir
Keçmiş deputat Nazim Bəydəmirlinin həbsdə səhhətinin pisləşdiyi xəbər verilir. Bu haqda onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb. Onun dediyinə görə, N.Bəydəmirlini müayinə edən həkim onun sətəlcəm olduğunu, təcili antibiotik müalicəsinə başlamaq gərəkdiyini söyləyib.
N.Bəydəmirli xəstələnməsini duş qəbul edəndən sonra cəzaçəkmə müəssisəsinin rəis müavininin onu kondisionerli otaqda saxlaması ilə izah edib. Rəis müavini keçmiş deputatın niyə sıra baxışına çıxmadığını soruşub, o isə izah edib ki, ürəyində "impulsiv blokada" olduğundan qanun kəskin isti havalarda, günəşin altında olmasına imkan vermir.
"Nazim ağır korona keçirib, ciyərləri 45 faiz yoluxmuşdur. Yenidən ciyərlərinin soyuqlaması onun həyatına son verə bilər", – həyat yoldaşı F.Bəydəmirli yazıb.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
N.Bəydəmirli 2023-cü ilin iyulundan həbsdədir. O, əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmədə təqsirli bilinsə də, özü ittihamı uydurma adlandırıb. Ona 8 il həbs cəzası kəsilib. N.Bəydəmirli 2005-2010-cu illərdə Gədəbəy rayonundan Milli Məclisin üzvü olub. Keçmiş deputatın sözlərinə görə, 2023-cü ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı kimisə qurban vermək lazım gəldiyindən onu seçiblər və bu üzdən, özünü "ekologiya məhbusu" adlandırır.
2023-cü ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsinə və bunun da əhaliyə mənfi təsirinə etiraz ediblər. Həmin gün və sonradan saxlanan səkkiz nəfərə inzibati qaydada 20 günlük həbs cəzası verilib. Dörd nəfər kənd sakini haqqında isə narkotik ittihamı ilə cinayət işi başlanıb və onlar uzunmüddətli həbsə göndəriliblər.
Rüşvətlə plastik cərrah sertifikatı verməkdə təqsirləndirilən vəzifəlilərin işi məhkəməyə göndərilib

Baş Prokurorluq Səhiyyə Nazirliyinin bəzi vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ibtidai istintaqı yekunlaşdırdığını bildirir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri ötən ilin sonunda aparılmışdı.
Nazirlikdə müxtəlif vəzifələrdə çalışmış bir neçə şəxsin qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikatlarla təmin olunması və bunların qarşılığında çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alınmasına əsaslı şübhələrin müəyyən edildiyi bildirilir.
Sözügedən şəxslərə xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma, nüfuz alveri, vəzifə saxtakarlığı və digər maddələr irəli sürülüb. Barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Bu maddələr üzrə maksimum 12 il həbs cəzası kəsilə bilər.
Təqsirləndirilən şəxslərin və ya onların vəkillərinin ittihamlara münasibəti bəlli deyil.
Son zamanlar Azərbaycanda plastik əməliyyat edən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomunun olmadığı iddia edilib. Səhiyyə Nazirliyi ötən ilin dekabrında bu müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradıldığını bildirib.
BQXK-nın Azərbaycan Nümayəndəliyi də fəaliyyətini dayandırır

Bu gün, avqustun 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiçi qəbul edib.
Xarici İşlər Nazirliyinin məlumatında bu qəbulun, BQXK-nın missiyası yekunlaşan nümayəndəliyinin rəhbərinin Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə gerçəkləşdiyi vurğulanır.
“Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXQ ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb”, -- məlumatda əlavə edilib.
BQXK-nın Bakıdakı Nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir, ondan iki həftə sonra Ağdam və Bərdə rayonlarında da ofisləri açılıb.
Qurumun özü Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır, 1863-cü ildə yaradılıb. 1949-cu il Cenevrə Konvensiyasını, onun Əlavə Protokollarının iştirakçısı olan dövlətlər (imzalayanlar) BQXK-ya beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat veriblər.
29 iyul
UNICEF-in Azərbaycandakı nümayəndəsinin diplomatik fəaliyyəti başa çatır
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahın Azərbaycanda diplomatik fəaliyyəti başa çatır.
Xarici İşlər Nazirlyinin (XİN) iyulun 29-da yaydığı məlumata görə, bu münasibətlə nazir Ceyhun Bayramov Saja Farooq Abdullahı qəbul edib.
“Görüşdə Azərbaycan və BMT, o cümlədən UNICEF arasında mövcud əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanda, o cümlədən digər ölkələrdə həyata keçirilən birgə təşəbbüslərdən, layihələrdən bəhs olunub”, - məlumatda əlavə edilib.
Azərbaycanda son dövrlərdə bəzi beynəlxalq təşkilatların fəaliyyəti məhdudlaşdırılıb.
Məsələn, iyunun 17-də Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirdi ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yaxın vaxtlarda fəaliyyətini dayandıracağı gözlənir. Amma həmin qurum, hələlik, bu məlumata münasibət bildirməyib.
Üstəlik, yerli saytların məlumatına görə, rəsmi Bakı hələ bu ilin əvvəlində BMT-nin dörd ofisinin - BMT İnkişaf Proqramı (UNDP), BMT Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və BMT Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.
Artıq həmin nümayəndəliklərin bir çoxu ya Azərbaycanda fəaliyyətlərini dayandırıblar və yaxud dayandıracaqlarını açıqlayıblar.
Habelə vurğulanırdı ki, UNICEF-in Azərbaycandakı nümayəndəliyi fəaliyyətini mərhələli şəkildə dayandıracaq. Bu barədə məlumatları UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur AzadlıqRadiosuna da təsdiqləmişdi.
O bildirmişdi ki, bundan sonra UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək.
UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti sentyabrın 3-dən etibarən dayandırılacaq. Bunu "Report"un sorğusuna cavab olaraq İ.Mazur bildirib.
Artıq bu məlumatlar Azərbaycanda bir çox sosial şəbəkə istifadəçilərinin narazılığı ilə müşahidə edilir. Onlar vurğulayırlar ki, Azərbaycanda onsuz da uşaq ölümləri yüksəkdir. Həmin şəxslərin narahatlıqlarına görə, UNICEF-in Azərbaycandakı fəaliyyətini mərhələli şəkildə dayandırması bu prosesə ancaq ziyan gətirəcək.
Rəsmi Bakı isə hesab edir ki, "Azərbaycan artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilib".
Dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyyət göstərir.
Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirildi
“Qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz”.
Bu, prezident İlham Əliyevin təsdiqlədiyi "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, xarici maliyyə mənbələri hesabına qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərmək, yaxud bununla əlaqədar maliyyə vəsaiti qəbul edilməsi inzibati məsuliyyətə səbəb olacaq.
Son 10-15 ildə Azərbaycanda qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı qanunvericilik sərtləşdirilir. Bu həm ölkə daxilində, həm də xaricdə tənqidlərə səbəb olub. Baş Prokurorluğun İstintaq İdarəsində 2014-cü ildə bir sıra QHT-lərlə bağlı cinayət işi açılmışdı. Həmin vaxt bir çox QHT rəhbəri həbs edildi və ya hesablarına həbs qoyuldu.
"QHT işi"nin sonradan bağlandığı bildirilsə də, bu ildən onun yeniləndiyi açıqlanıb. Artıq bir neçə QHT təmsilçisi də həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamlar irəli sürülüb. Lakin onlar ittihamları əsasız sayırlar.
Neft Fondu daşınmaz əmlaka investisiyalardan zərər edib

Azərbaycan Dövlət Neft Fondu (ADNF) daşınmaz əmlaka qoyduğu investisiyalardan zərər görüb.
Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında iyulun 30-da açıqladığı rəyində bildirilir.
Rəyə görə, ADNF-in daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi dəyəri ötən ilin sonunda 3 milyard 537,7 milyon ABŞ dolları təşkil edib. Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vandom meydanı 8 ünvanında daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən ticarət mərkəzinə investisiya edib.
Sənəddə qeyd edilib ki, daşınmaz əmlak alt portfelinin 2024-cü ildə gəlirliliyi -2,9 faiz təşkil edib. Daşınmaz əmlak alt portfelinin tərkibində müştərək investisiyalar üzrə gəlirlilik isə -11,4 faiz olub.
Amma ümumi gəlirlərdə artım var. Qurumun 2024-cü il üçün təsdiqlənmiş büdcəsində vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 131,9 mln. manat proqnozlaşdırılıb. 12 aylıq icra göstəricilərinə əsasən onun vəsaitlərinin idarə edilməsindən 5 milyard 795,3 mln. manat və ya 3 milyard 409,0 mln. ABŞ dolları (və ya 6,0%) gəlir əldə edilib.
Neft fondunun ötənilki ümumi gəliriləri də artıb. Fondun ehtiyatları 56 milyard dollardan 60 milyarda çatıb. Əsas gəlirlər isə neft və qaz satışından əldə edilib.
ADNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb. Onun yaradıldığı vaxtdan ötən ilin sonuna kimi ümumi gəlirləri 207.3 milyard ABŞ dolları təşkil edib.
Fondun hesabatlarında ona daxil olan vəsaitlərdən böyük bir hissəsinin dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşməsinə ayrıldığı açıqlanıb. Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.
Həbsdə olan İqbal Əbilovun kitabı çıxıb

Hazırda həbsdə olan "Talış Milli Akademiyası xəbərləri" jurnalının baş redaktoru, tədqiqatçı İqbal Əbilovun kitabı nəşr olunub.
Bu barədə Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Rus dilində nəşr olunan “Talış Nitqindən Fraqmentlər I” kitabına XIX əsrin ikinci yarısında şərqşünas Boris Dornun topladığı və 2012-ci ildə Əbilovun arxivlərdə aşkar etdiyi əlyazmaların salındığı bildirilir.
“Bu materiallar talış dilinin şimal dialekti barəsində bu günədək məlum olan ən qədim elmi araşdırmalardan biri olaraq xüsusi əhəmiyyət kəsb edir”, - deyə qeyd olunub.
Kitab Əbilovun həmtəsisçisi olduğu Talış Milli Akademiyasının təsis etdiyi "Bibliotheca Talyshica" seriyasının ilk nəşridir.
İqbal Əbilov bu il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il həbs cəzası alıb.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanıb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır.
İqbal Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor örnəkləri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, araşdırmalar dərc edilib.
O, 2012-ci ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriatını, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.
Hesablama Platası 65 milyon manatlıq pozuntu aşkarladığını bildirir
Azərbaycan Hesablama Palatası (HP) dövlət vəsaitlərinin istifadəsində 65 milyon manatlıq pozuntu aşkarladığını bildirir.
Bu barədə Palatanın 2025-ci ilin ilk yarsında fəaliyyətinə aid iyulun 29-da açıqlanan hesabatında qeyd edilir.
Məlumata görə, qurumun həyata keçirdiyi audit tədbirləri nəticəsində dövlət vəsaitlərinin istifadəsində ciddi nöqsanlar və hüquqpozmalara rast gəlinib.
Hesabata görə, ümumilikdə 65 milyon manatlıq pozuntu faktı qeydə alınıb ki, bunun da 17,8 milyon manatı birbaşa dövlət büdcəsinə zərər kimi qiymətləndirilib.
Büdcə vəsaitlərinin bəzi hallarda funksional təyinatından kənar istifadə olunduğu müəyyən edilib. Artıq xərclər əsasən nəqliyyat xidmətləri, hədiyyə alınması və beynəlxalq tədbirlərlə bağlı olub. Habelə qeyd edilir ki, bəzən satınalmalar üzrə qanunvericiliyin tələbləri pozulub -planlaşdırma sənədləri yerləşdirilməyib, müqavilələr vaxtında icra edilməyib.
105,1 milyon manatlıq təhrif
Həmçinin vurğulanır ki, Palata maliyyə hesabatlarında 105,1 milyon manatlıq təhrif müəyyən edib. Bu məbləğin 12,6 milyon manatı əhəmiyyətli təhrif kimi dəyərləndirilib.
Hesabata görə, uyğunsuzluqlar əsasən dövlət vəsaitlərinin uçotu və istifadə olunması zamanı mühasibat, hesabat sistemlərində yol verilmiş nöqsanlar nəticəsində yaranıb.
Qeyd olunur ki, bir sıra qurumlarda dövlət əmlakı, aktivlərinin real dəyəri uçota düzgün alınmayıb, gəlir və xərclər qeyri-dəqiq əks olunub.
Hesablama Palatası nöqsanların aradan qaldırılması və maliyyə nizam-intizamının gücləndirilməsi məqsədilə aidiyyəti qurumlara təkliflər təqdim edib.
Hesabatda pozuntu və uygunsuzluqlara yol verən qurumların adları çəkilməyib.
Azərbaycan Hesablama Platası 2001-ci ildən fəliyyət göstərir. Hər il Milli Məclisə hesabat verməli olan bu qurum dövlət büdcəsinin həm gəlirlərinə, həm də xərclərinə nəzarət etməlidir. Ölkə parlamentindən fərqli olaraq bəzi müxalif qüvvələr onun fəaliyyətini tam yetərli saymır. Onlar hesab edirlər ki, bu qurum büdcə vəsaitlərinin mənimsənilməsinə aid ciddi pozuntuların üzərinə qətiyyətlə gedə bilmir. Hərçənd, Palata rəhbərliyi belə fikirləri qəbul etmir.
Bakı Özbəkistan prezidentini alçaltmaqda ittiham olunan şəxsi Daşkəndə verib

Azərbaycan Özbəkistan prezidentini təhqir etməkdə ittiham olunan şəxsi Daşkəndə ekstradisiya edib.
Bu barədə bu gün, iyulun 25-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda vurğulanır ki, Özbəkistanda prezidentin şərəf və ləyaqətini alçaltmaqda təqsirləndirilərək dövlətlərarası axtarışa verilmiş 1982-ci il təvəllüdlü Amonbek Yusupov bu ilin aprelində Azərbaycanda saxlanıb, barəsində həbs-qətimkan tədbiri seçilib: ""Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib".
Bu qərara və ittihama A.Yusupovdan, onun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Özbəkistanda prezidentə təhqir və ya böhtan atmaq ittihamına görə məsuliyyəti müəyyən edən bənd ölkənin Cinayət Məcəlləsinə 2021-ci ilin martında salınıb. Bu maddə 3 ilədək islah işləri, azadlığın məhdudlaşdırılması və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Xatırlatma
Ötən il Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Yerli və beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında həm Özbəkistanda, həm də Azərbaycanda siyasi məhbuslardan da bəhs edilir. ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının hesabatına görə, Özbəkistanda 2 min dini və siyasi məhbus var. Azərbaycanda isə siyasi məhbusların sayı 270 civarında göstərilir. Amma hər iki ölkədə rəsmilər siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, ölkələrində siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.
55 milyon ziyan vurulub, onun 21 milyon manatı ödənilib
Prokurorluq orqanlarında ibtidai istintaqı yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat maddi ziyan vurulduğu müəyyən edilib.
Bu, bu gün, iyulun 24-də Azərbaycan Baş Prokurorluğunda bu ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclasında bildirilib.
Habelə vurğulanıb ki, istintaq tədbirləri ilə onun 37.7 faizinin - 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunub: "Habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub".
Baş Prokurorluğun məlumatına görə, ötən il isə ibtidai istintaqı yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 170 milyon 958 min manat maddi ziyan vurulduğu müəyyən edilib: "İstintaq tədbirləri ilə onun 44 faizinin, yəni 75 milyon 300 min manat hissəsinin ödənilməsinə nail olunmuş, habelə 33 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub".
Xatırlatma
Azərbaycanda bir sıra müstəqil ekspertlər korrupsiya ilə mübarizəni yetərli saymırlar. Üstəlik, onların fikrincə, aşağı səviyyədə qanunsuzluqlara yol verən bir çox məmurlar məsuliyyətə cəlb edilsə də, onlar heç də həmişə cəzalarını axıra qədər çəkmir, müxtəlif yollarla vaxtından əvvəl azadlıqlarına qovuşurlar.
Tələbələrə verilən təqaüdlər artırılıb
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlər 10-60 AZN artırılıb.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Yeni sərəncamla doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin maksimumu 450, minimum məbləği (peşə təhsilində) isə 70 manata çatdırılıb.
Tələbələr üçün Prezident təqaüdü də artırılıb. Bu məbləğ 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib. Hazırda bu 275 manatdır.
Bundan əvvəl sonuncu dəfə Azərbaycanda tələbələrin təqaüdləri 2023-cü il yanvarın 1-də artmışdı. Rəsmi statistikaya görə, bu illər ərzində Azərbaycanda rəsmi inflyasiya illər üzrə birrəqəmli olub. Amma müstəqil iqtisadçılar rəsmi açıqlanan inflyasiya göstəricisinə şübhə ilə yanaşırlar. Hazırda adlarının çəkilməsini istəməyən bir çox tələbə də AzadlıqRadiosuna deyib ki, faktiki aldıqları təqaüdlər onların ehtiyaclarının yalnız kiçik bir hissəsini ödəyir.
Xatırlatma
Bu il iyulun 1-də Azərbaycanda bəzi müavinət və təqaüdlər də 20 faiz civarında artırılıb. Amma bu ilin əvvəlində Azərbaycanda limitdən asıl olaraq bəzi kommunal xidmətlər (qaz və işıq) də bahalaşmışdı.
33 təhsil müəssisəsinin rəhbəri vəzifədən çıxarılıb

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Nəzarət tədbirləri idarənin tabeliyindəki 103 ümumi, altı məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edib.
Açıqlamaya görə, bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib: "205 təhsil müəssisəsində son üç il üzrə aparılmış nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara əsasən müəyyənləşdirilmiş 594.6 min manat vəsait cavabdeh şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib. İnzibati xəta törətmiş 26 vəzifəli şəxs isə inzibati məsuliyyətə cəlb edilərək cərimə olunub".
Habelə bildirilir ki, nöqsanlara yol vermiş 134 vəzifəli şəxsə əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi (şiddətli töhmət, töhmət, xəbərdarlıq) verilib, altı rəhbər şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur: "Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub".
Rəhbərləri çıxarılan təhsil müəssisələrinin adı çəkilmir. Yoxlamanın nəticələrinə Abşeron-Xızı Regional Təhsil İdarəsi və işdən çıxarılan şəxslərin münasibəti, hələlik, bəlli deyil.
Dövlət Maliyyə Nəzarəti Xidməti bildirir ki, ölkənin digər Regional Təhsil İdarələrində də bənzər halların araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Azərbaycanda 4 mindən çox orta məktəb, 150 civarında dövlət məktəbdənkənar, min 670-ə yaxın isə məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Azərbaycanda hər üç uşaqdan yalnız biri məktəbəqədər təhsil alır.
Neft Fondunun AÇG-dən gəlirləri azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 4 milyard 427 milyon manat vəsait daxil olub.
Bu barədə iyulun 23-də həmin fonddan məlumat yayılıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 682 milyon manat və ya 13.3 faiz azdır. Ötən illə müqayisədə neftin dünya bazar qiymətlərində ucuzlaşma var. Üstəlik, Azərbaycanda neft hasilatı da azalır.
Amma ARDNF-nin özünün vəsaiti artıb. Bu ilin iyunun sonuna Fondun aktivləri 66.5 milyard ABŞ dollarına çatıb. ARDNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 10.8% artıb.
Azərbaycanın ümumi valyuta ehtiyatları isə 77 milyard dolları ötüb. (onun 11 milyardı Mərkəzi Bankın aktivləridir)
Bu ilin yanvar-iyun aylarında Fondun gəlirləri 8.8 milyard manat, xərcləri isə 7.3 milyard manat təşkil edib.
31 il öncə, 1994-cü ildə Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla AÇG yataqlar blokunun istismarı ilə bağlı saziş imzalayıb. 2017-ci il sentyabrın 14-də bu müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb.
Xatırlatma
ARDNF 1999-cu ildə yaradılıb, 2001-ci ildə fəaliyyətə başlayıb.
İndiyə kimi Neft Fonduna 207 milyard dollardan çox vəsait daxil olduğu bildirilir. Bu vəsaitlərin böyük bir hissəsi büdcə transfertlərinə və bir çox layihələrin reallaşmasına xərclənib. Amma müxalifətin iddialarına görə, həmin vəsaitin bir hissəsi də korrupsiyanın yemi olub. Rəsmilər isə belə iddiaları əsassız sayırlar.